Bu gün Azərbaycanın aviasiya tarixində baş verən ən ağır təyyarə qəzasından 29 il ötür.
Kulek.Az xatırladır ki, 1995-ci il dekabrın 5-də "Azərbaycan Hava Yolları"na məxsus "Tu-134B" tipli sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra, saat 18:00-da qəzaya uğrayıb.
Naxçıvan-Bakı reysini yerinə yetirməli olan təyyarənin göyərtəsində 76 sərnişin və altı heyət üzvünün olduğu bildirilib.
Havaya qalxdıqdan sonra təyyarə 60 metr hündürlükdə və saatda 317 km/sürətlə hərəkət edərkən mühərriklərdən birində nasazlıq qeydə alınıb. Sol mühərrikin sıradan çıxmasına baxmayaraq, göyərtə mühəndisi səhvən sağ mühərriki söndürüb.
Belə ki, köməkçi pilot Sergey Quliyev kapitan Eduard Həsənova bir nömrəli mühərrikin fəaliyyətini dayandırması barədə məlumat verib. Bir neçə saniyə sonra uçuş mexaniki Aleksandr Sokolov isə birinci deyil, ikinci mühərrikin sıradan çıxdığını bildirir. Təcili qərar verməli olan kapitan Eduard Həsənov uçuş mexanikinə ikinci mühərriki söndürmək barədə göstəriş verir. Təyyarə yüksəlməyə davam etdiyi bir vaxtda ikinci mühərrik söndürülür. Bir qədər sonra məlum olur ki, uçuş mexaniki səhv edib və işləyən mühərriki söndürüb.
Pilotlar vəziyyəti idarə etmək üçün 197 metr hündürlükdə qəza enişi qərarı verirlər. Bu zaman təyyarənin sürəti saatda 290 km-ə enir və yaşayış binalarına yaxınlaşır. Pilotlar təhlükənin qarşısını almaq üçün təyyarəni 37 dərəcə bucaqla sağ tərəfdəki açıq əraziyə yönəltməyə çalışırlar.
Lakin onların bu cəhdi qəzadan xilas olmağa kifayət etmir və Naxçıvan şəhəri Xətai məhəlləsindəki (Sovetabad) şumlanmış sahəyə düşən təyyarə yüksəkgərginlikli elektrik xətlərinə toxunaraq alışır.
Qəza nəticəsində göyərtədə olan 82 nəfərdən dördü heyət üzvü olmaqla, 52 nəfər həlak olur.
Məsələnin araşdırılmasına Rusiya Dövlətlərarası Aviasiya Komitəsi, təyyarə istehsalçısı, mühərrik istehsalçısı və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi cəlb edilirlər. Təyyarə və mühərrik istehsalçıları qəzaya səbəbin boşalan qaykaların turbinlərdə yaratdığı titrəmə ilə əlaqəli olduğunu bildirirlər.
Hadisə ilə bağlı məlumatlarda o da bildirilir ki, qəzaya uğrayan təyyarə 28 avqust 1980-ci ildə istifadəyə verilib. O, müəyyən olunan 35 min uçuş saatının 27 min 500-nü uçubmuş. Sonuncu dəfə 1995-ci ilin 25 iyulunda baxış keçirilən təyyarədə 30 mart 1993-cü tarixində təmir işinin həyata keçirildiyi qeyd olunub. Mühərriklərə isə 27 noyabr 1995-ci ildə baxış keçirilib. Birinci mühərrikdə səkkiz, ikinci mühərrikdə isə beş səbəbi bəlli olmayan təmir işləri aparılıb.