Məişət tullantılarını kənara atanlar YEDDİ MİN MANATADƏK cərimələnəcəklər

Şərhlər · 12 Baxış

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələr artırılıb.

Kulek.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcəklər.

Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1 000 manat məbləğində, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcəklər, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunacaq, hüquqi şəxslər isə 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Eyni zamanda, məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcəklər.

Bundan başqa, daha bir dəyişikliklə qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa əşyalar atılmasına görə 500 manat məbləğində cərimə nəzərdə tutulur.

Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə cərimənin məbləği 200 manata (hazırda 15 manat) qaldırılır.

Həmçinin, dəmiryoluna hər hansı əşya atmağa görə cərimənin məbləği 200 manat (hazırda 30 manat) müəyyən edilir.

Şərhlər