Dörd körpü və dörd zolaq: Tikilməkdə olan Ağdam-Füzuli avtomobil yolundan GÖRÜNTÜLƏR

Şərhlər · 7 Baxış

Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.

Kulek.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.

"Uzunluğu 65.7 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol dörd hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni dörd metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir.

I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirilməsi, 26.5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası tamamlanıb, asfalt-beton örtüyünün alt qatı döşənib.

Yolun layihə üzrə nəzərdə tutulan və 0.2, 5.6, 12 və 39-cu kilometrlik hissələrdə yerləşən dörd körpünün tikintisi, 63 və 65-ci kilometrlik hissələrdə isə yolötürücülərinin inşası yekunlaşıb.

Hazırda layihə boyu dəmir-beton tipli küvetlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton konstruksiyalı baryerlərin quraşdırılması işləri davam etdirilir.

Ümumilikdə layihə üzrə tikinti işləri 82%-i icra olunub.

Tikinti işləri "İnşaat norma və qaydaları"nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək", - məlumatda qeyd olunub.

Şərhlər